Haqqımızda (e-keyfiyyet.gov.az)

Keyfiyyət informasiya sistemi - Azərbaycan Respublikasında keyfiyyət infrastrukturu sahəsində göstərilən xidmətlərin rəqəmsallaşdırılması, şəffaflığın təmin edilməsi, o cümlədən vətəndaşların maarifləndirilməsi məqsədilə yaradılmışdır.

Keyfiyyət informasiya sistemi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə fəaliyyət göstərir və keyfiyyət infrastrukturu haqqında məlumatlar, bu sahədə elektron xidmətlər və informasiya resurslarını vahid pəncərədən təqdim edir.

Sözügedən sistem “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş keyfiyyətə nəzarət sahəsində göstərilən xidmətlərin rəqəmsallaşdırılması və vahid elektron portalın yaradılması barədə və “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş texniki tənzimləmə və standartlaşdırma üzrə vahid elektron informasiya sisteminin yaradılması barədə tapşırıqların icrası məqsədilə yaradılmışdır.

Keyfiyyət informasiya sisteminin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsasları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 9 dekabr tarixli 381 nömrəli Qərarı ilə təsdiq edilən “Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə”də öz əksini tapmışdır.

Həmin əsasnamənin 1.2-ci bəndinə əsasən sistemin sahibi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, operatoru isə Agentliyin tabeliyində olan “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsdir.

Keyfiyyət informasiya sistemi texniki tənzimləmə, standartlaşdırma, metrologiya və akkreditasiya sahələrində xidmətlərin elektron qaydada göstərilməsini təmin edir.

Bundan əlavə, sistemdə “Mənşə sertifikatı” alt modulu da fəaliyyət göstərir ki, bu da malların mənşə ölkəsini təsdiq edən sertifikatların əldə olunmasını tam elektronlaşdırır və ixracatçılara müraciətlərin real vaxtda idarə edilməsi, elektron imza vasitəsilə prosedurların daha sürətli həyata keçirilməsi imkanını yaradır.